Azərbaycan Universitetində orqan donorluğu mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə universitet rəhbərliyi, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) nümayəndələri, həkim-mütəxəssislər və tələbələr qatılıb.
Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov çıxışında orqan donorluğunun insanpərvər mahiyyətini vurğulayıb: "Xeyirxahlıq insanın təbiətindədir. İnsan dünyaya gələndən ətrafına, xalqına, vətəninə, dünyaya xeyir verməyə çalışır. Yaşadığı müddətdə xeyirxah işlər görməyə səy göstərir. Orqan donorluğu isə insana hətta ölümündən sonra da xeyirxahlıq etmək imkanı verir".
Səhiyyə Nazirliyi ODTKM sədr müavini Günay Abbasova Koordinasiya Mərkəzinin fəaliyyət prinsipləri barədə danışaraq qeyd edib ki, orqan donorluğu sahəsində bütün fəaliyyətlər açıq və şəffaf şəkildə aparılır; dövlət nəzarəti bu proseslərin düzgün və etibarlı şəkildə həyata keçirilməsini təmin edir.
O bildirib ki, Cənubi Qafqaz regionunda orqan transplantasiyası üzrə lider ölkə Azərbaycandır. Meyit donordan orqan götürülməsi ilk olaraq ölkəmizdə uğurla icra edilib. Bu əməliyyatların hər biri düzgün koordinasiya, donor ailələrinin yüksək humanizmi və tibb heyətinin peşəkarlığı nəticəsində mümkün olub.
Günay Abbasova vurğulayıb: “Bir səhiyyə sisteminin ən yüksək zirvəsi ürək transplantasiyasıdır və Azərbaycan artıq buna imza atıb. Bu sahədə əldə olunan uğurlar davam etdiriləcək".
ODTKM-in əməkdaşı, həkim-koordinator Mehriban Əliyeva öz çıxışında beyin ölümü anlayışının tibbi kriteriyalarını, donorluqda tətbiq edilən “opt-in” və “opt-out” sistemlərini izah edib, dünyanın müxtəlif ölkələrindəki təcrübə ilə tələbələri tanış edib.
Həkim-koordinator bildirib ki, Mərkəzə daxil olan məktublar — xüsusilə də övladlarına donor tapılmasını ümidlə gözləyən anaların müraciətləri — çox təsirlidir və cəmiyyətin orqan ianəsinə olan inamını və gözləntisini əks etdirir.
Tədbirdə həmçinin qeyd edilib ki, vahid elektron sistem fəaliyyətdədir və ölümdən sonra donor olmaq üçün vətəndaşlar odtkm.gov.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.